Naftalanda turizmin inkişafı ilə bağlı yeni layihələr reallaşdırılır
AzerTAg.az
Naftalan, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Turizm İnformasiya Mərkəzi Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov, BMT-nin İnkişaf Proqramı çərçivəsində “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına dəstək” layihəsinin rəhbəri Rüfət Bağırov, Azərbaycan Turizm Bürosunun regional inkişaf şöbəsinin müdiri Hüseyn Məmmədov, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mütəxəssisi Yeganə Mirzəyeva və digər məsul əməkdaşlar iştirak ediblər.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqlara eyniadlı nadir müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin turizm potensialı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu gün şəhərdə tibb turizminin inkişafı üçün zəngin təbii resurs bazası mövcuddur.
Görüşdə Naftalan şəhərində turizmin inkişafı konseptinə uyğun olaraq Naftalan bağlarının turizm nümayiş obyektinə çevrilməsi və “Naftalan bağları” adlı turizm konsepti müzakirə olunub. Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində yerləşən üç bağa müəyyən avadanlıq və abadlaşdırma dəstəyinin göstərilməsi qeyd edilib. Bu dəstək Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu, həmçinin BMT–nin İnkişaf Proqramı çərçivəsində fəaliyyət göstərən Azərbaycanın regionlarında Dayanıqlı Turizmin İnkişafı layihəsi əsasında həyata keçiriləcək.

Xəbərin mətnində orfoqrafik səhv var