REGİONLAR
Naftalandakı “Əsa muzeyi”nin bərpası şəhərə daha çox turist cəlb edə bilər VİDEO






Naftalan, 29 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Əsalar, çəliklər, ağ-qara, rəngli şəkillərdən boylanan keçmişin xoş xatirələri, bir də saysız təşəkkür məktubları...
AZƏRTAC xəbər verir ki, bütün bunlar Naftalanda yerləşən, vaxtilə Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində fəaliyyət göstərən “Əsa muzeyi”nin eksponatlarıdır.
Muzeyin çox maraqlı yaranma tarixçəsi var. Hər kəsə bəllidir ki, vaxtilə Naftalan və onun müalicəvi əhəmiyyətli palçıq-neft vannaları bu şəhərin şöhrətini bütün dünyaya yayıb. Hələ Sovet İttifaqı dövründə sağlamlığını itirən minlərlə insan aldıqları müalicələrin səhhətlərinə təsirsiz ötüşdüyünü görüb, son ümid yeri kimi Naftalan sanatoriyalarına üz tuturdular. Burada aparılan intensiv müalicələrlə sağlamlıqlarına qovuşan insanlarda bu şəhərə minnətdarlıq və əbədi dostluq sevgisi yaranıb.
Həmin insanlar Naftalandan gedəndə vaxtilə yeriyə bilmədikləri üçün özləri ilə gətirdikləri əsaları, çəlikləri, bir də fotoşəkillərini yadigar olaraq burada qoyublar. Vətənlərinə döndükdən sonra isə bu şəhərə olan sevgilərini, ən gözəl hisslərini Naftalana ünvanladıqları təşəkkür məktublarında qeyd ediblər. Beləcə, illərlə yığılan çoxsaylı qoltuq ağacları, fotoşəkillər və təşəkkür ifadələri ilə dolu məktublar dünyada ən unikal muzeylərdən birinin yaranmasına səbəb olub.
Keçən əsrin 80-ci illərində il ərzində 70 min turist qəbul edən Naftalan müstəqilliyimizin ilk vaxtlarında Azərbaycanın əksər şəhərləri kimi bu sarıdan böyük çətinliklərlə üzləşib. Şəhərdə fəaliyyət göstərən bir çox müəssisələr kimi, Naftalanın “Əsa muzeyi” də fəaliyyətini dayandırmalı olub.
Son illərdə Naftalan şəhərinin əvvəlki şöhrətinin qaytarılması istiqamətində böyük işlər görülüb. Hazırda şəhərdə 3-ü beşulduzlu olmaqla, 10 kurort-sanatoriya, turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Bu otellərdə təkcə 2016-cı ilin yanvar-oktyabr aylarında 17 mindən çox turist dincəlib və yaxud sağlamlığını bərpa edib. Həmçinin həmin turistlər 2500-ü xarici vətəndaş olmaqla, dünyanın 52 ölkəsindən gəlib.
Bu gün Naftalanda yalnız kurort-sanatoriya, turizm-istirahət mərkəzləri deyil, eyni zamanda, şəhərin mövcud infrastrukturu da yenidən qurulur. Lakin vaxtilə turistlərin xeyli marağına səbəb olan və bəzi xarici qonaqların bu gün də soruşduqları Naftalanın “Əsa muzeyi” hələ də fəaliyyət göstərmir. Buna baxmayaraq, muzeyin eksponatları bir sıra tarixi əşyalarla birlikdə olduğu kimi qorunub saxlanılır.
Bir sözlə, Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalan şəhərində “Əsa muzeyi”nin bərpa edilməsinə çox böyük ehtiyac var. Çünki bu cür muzeylər yalnız xalqların tarixini, mədəniyyətini nümayiş etdirmək baxımından qiymətli deyil, onlar həm də buraya turist cəlb etmək yolunda ən təsirli və maraqlı təbliğat növlərindən biridir.