REGİONLAR
Naftalanın istirahət-sağlamlıq mərkəzləri Polşada keçirilən beynəlxalq səyahət sərgisində
Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalanın “Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri Polşanın paytaxtı Varşava şəhərində keçirilən 24-cü “TT Warsaw-2016” səyahət sərgisində iştirak edirlər.
Bu barədə AZƏRTAC-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Hər il ənənəvi olaraq keçirilən sərgidə 50-dək ölkədən turizm şirkətləri və otellər, həmçinin həmin ölkələrin regionları, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
İyirmi minədək insanın iştirak etdiyi sərgidə ziyarətçilərə Naftalan şəhəri, onun nadir təbii imkanlara malik müalicə-profilatik məqsədlərlə istifadə olunan Naftalan nefti və bu şəhərin zəngin balneoloji kurortları, eləcə də son illər şəhərdə yaradılan turizm mərkəzlərinin xidmətləri haqqında ətraflı məlumat verilir.
Sərgi iştirakçıları unikallığı və tibbi təsir gücü ilə seçilən, 70-dən çox xəstəliyin müalicəsində istifadə olunan Naftalan nefti və onun şəfaverici xüsusiyyətləri barədə öyrəndikləri məlumatın onlarda Azərbaycan haqqında böyük təəssürat yaratdığını bildiriblər.
Avropanın müxtəlif ölkələrindən olan sərgi iştirakçıları etiraf ediblər ki, təbii imkanları ilə müasir turizm infrastrukturunu, həmçinin Azərbaycan qonaqpərvərliyi ilə Avropa komfortunu özündə birləşdirən, səfər xərclərinin əlverişli olması ilə fərqlənən Naftalanın istirahət və əyləncə mərkəzləri ziyarətçilərdə və turizm həvəsində olan insanlarda bu yerlərə marağı daha da artırır.
Qeyd edək ki, sərgi noyabrın 26-dək davam edəcək.