İQTİSADİYYAT
Nağdsız hesablaşmalar haqqında qanunun tətbiqi maliyyə-bank sektorunda yenidən canlanma yaradıb
Bakı, 24 noyabr, AZƏRTAC
Nağdsız hesablaşmalar haqqında qanunun tətbiqi maliyyə-bank sektorunda yenidən canlanma yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda keçirilən II “Bankçılıq Forumu”nun ikinci günündə bildirilib.
Qeyd edilib ki, Azərbaycanda aparılan islahatlar maliyyə-bank sistemi tərəfindən yaxından izlənilir. Bu sektorda da yaxından dəyişikliklər baş verməkdədir. Sosial qərarların verilməsində bankların birgə iştirakı bu gün vacib məsələlərdən birinə çevrilib. Ölkədə qəbul edilən son qanunvericilik aktları, əsasən də nağdsız hesablaşmalar haqqında qanunun tətbiqi maliyyə-bank sektorunda yenidən canlanma yaradıb.
Bu müddətdə bankların kapitallaşması prosesi də davam etdirilib, il ərzində bank sektorunun kapitalı 24 faiz artaraq 3 milyard manatı ötüb. Bu gün banklar arasında müştəri uğrunda rəqabət sırf kəmiyyət üzərində deyil, keyfiyyət uğrunda qurulub.
Forumun moderatoru, “PAŞA Bank”ın departament direktoru Anar Kərimov bildirib ki, müştərinin araşdırılması, biznes portfelinin aydınlaşdırılması müştəri və bank münasibətlərində vacibdir. Forumu əhatə edən mövzularda bütün maliyyə institutlarına iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə birbaşa aid olan məsələləri əhatə edir.
Həmçinin vurğulanıb ki, artıq banklarda 6,5 milyard manat həcmində likvid əmanət yaranıb. Eləcə də idxalın azalması, istehsal edilən məhsulların ixracında qeydə alınan artım ölkədən valyuta axınının qarşısını alıb. Bu gün valyuta ehtiyatları artmaqda davam edir. Bu ilin 10 ayında qeyri-neft sektorunda ümumi daxili məhsulun həcminin 2,1 faiz, ixracının 23 faiz artması strateji valyuta ehtiyatlarının 5 milyard dollar qədər çoxalması islahatların nəticəsidir.