İQTİSADİYYAT


Nağdsız ödənişlərə görə güzəştlər kimlərə şamil olunur?

Bakı, 7 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcə ilə vergi tutulur. Həmçinin pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən maliyyə mütəxəssisi Emin Salamov Məcəllədə iki əsas məqama diqqət yetirilməsini tövsiyə edir: “Birincisi, bu güzəşt hüququndan yalnız pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istifadə edə bilər. Yəni, istər xidmət sahəsində fəaliyyət göstərən şəxslər, istər topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan şəxslər, istərsə də, istehsal fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən mallar və xidmətlər təqdim edilərkən satış dövriyyəsinin müəyyən hissəsi POS-terminal vasitəsilə nağdsız qaydada ödənilsə belə, həmin vergiödəyiciləri bu güzəşt hüququndan istifadə edə bilməzlər. İkinci məqam ödənişi edən şəxsin vergiödəyicisi olub-olmaması ilə bağlıdır. Əgər ödəniş vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən nağdsız qaydada POS-terminal vasitəsilə ödənilsə belə, yuxarıda qeyd edilən maddənin müddəaları tətbiq oluna bilməz”.

E.Salamov onu da əlavə edib ki, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində güzəşt gəlir vergisinin ödəyiciləri və sadələşdirilmiş vergiödəyiciləri üçün də keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.