REGİONLAR


“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin qalibləri mükafatlandırılıb

Naxçıvan, 16 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on dördüncü tirajının qalibləri müəyyənləşib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2020-ci il 1 iyul tarixindən 2021-ci il 1 yanvar tarixinədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, görülmüş işlərin nəticəsi olaraq nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə fevralın 1-nə 1417-yə çatdırılıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, müasir dövrün aktual iqtisadi istiqamətlərindən biri məhz nağdsız ödəniş sisteminin inkişaf etdirilməsidir. Nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, 1-ci meyar üzrə 400 manatdan 701 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 30-50 manat arasında müəyyən edilib. Bu meyarda muxtar respublika üzrə 214, o cümlədən Naxçıvan şəhəri üzrə 40 şəxs hədiyyə qazanıb. İkinci meyar üzrə 701 manatdan 1001 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 50-70 manat arasında müəyyən olunub ki, bu meyarda da muxtar respublika üzrə 126, o cümlədən Naxçıvan şəhəri üzrə 20 şəxs hədiyyə qazanıb. Üçüncü meyar üzrə 1001 manatdan çox nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 70-90 manat arasında müəyyən edilib. Bu meyarda da muxtar respublika üzrə 102, o cümlədən Naxçıvan şəhəri üzrə 22 şəxs hədiyyə qazanıb. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14-cü tirajında 442 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunub.

Qeyd edək ki, oxşar tədbirlər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın rayonlarında da keçirilib. Bütün qaliblərə mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.