İQTİSADİYYAT


Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi azalıb

Bakı, 20 noyabr, AZƏRTAC

Cari ilin 9 ayında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq, hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib ki, bu da pandemiya ilə əlaqədar olaraq xarici iqtisadi əməliyyatların zəifləməsi ilə bağlı olub. Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4,1 faiz azalaraq 18.7 milyard ABŞ dolları ekvivalentində olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda deyilir.

Bildirilir ki, nağdsız valyuta əməliyyatlarının 86,7 faizi ABŞ dollarında, 13,3 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 36,2 faizi banklararası valyuta bazarında (BVB), 63,8 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Dövr ərzində BVB-də əməliyyatların 99,3 faizi ABŞ dollarında, 0,5 faizi avroda, 0,2 faizi isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 11,2 milyard dollar ekvivalentində olub ki, bunun da 79,4 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,6 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2,6 faiz azalaraq hesabat dövründə 4,2 milyard dollar ekvivalentində olub. Bunun 3,7 milyard dollarını və ya 88,1 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son bir neçə ayda nağd xarici valyutanın xalis satışı (satışlardan alışlar çıxılmaqla) stabilləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.