MƏDƏNİYYƏT


Nağıla bənzər həqiqət, yuxuya bənzər gerçəklik

Bakı, 13 may, AZƏRTAC

Dünən bəlkə də həyatımın ən unudulmaz və ən təzadlı hisslərini keçirmişəm. Yaşadığım evin bir neçə addımlığında yerləşən, adı dillər əzbəri olan Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsini həm sevinc, həm də göz yaşları içərisində izləmişəm. Doğrudan da xəyallar gerçək, arzular çin olmuşdu…

AZƏRTAC xəbər verir ki, bu sözləri 1989-cu ildə keçirilən “Xarıbülbül” festivalının iştirakçısı, şair-publisist, Əməkdar müəllim Əyyub Şırlanlı deyib.

Əslən Şuşadan olan həmsöhbətimiz öz hisslərini bölüşərək bildirib: “Festivaldan canlı yayım zamanı kameralar ətrafdakı zümrüd meşələri, vüqarlı dağları, yaylaqları, Üçmıxın sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəkləri, hər qarışı, hər çərəyi mənə doğma olan yerləri göstərdikcə sevincim kədərə, həsrətim vüsala qarışırdı. Çox qarışıq hisslər keçirirdim. Bu, yuxu idimi, bu, nağıl idimi, bu, gerçək idimi? Arada bir neçə dəfə dəsmalla nəmli gözlərimi silib heyran-heyran tamaşa edirdim. Bu, mənim ata yurdum, ana vətənim, varlığım qədər sevdiyim Şuşa, çal-çağır meydanı isə möhtəşəm Cıdır düzü idi!

Sıldırım qayaların üstündə əsrlərlə qərar tutan, neçə-neçə yadellilərin işğalına sinə gərən, öz məğrurluğunu qoruyub saxlayan, Şuşanın belinə kəmər kimi qurşanan möhtəşəm qala divarları, bürclər qədim Çin səddini xatırladırdı. Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağının proyeksiya olunması qəlbimi dağa döndərmişdi”.

Anbaan, qürurla izlədiyi bu mənzərələrə tamaşa etdikcə keçirdiyi hissləri ifadə etməyin, dilə gətirməyin, qələmə almağın çox çətin olduğunu deyən şair-publisist əlavə edib: “Dünyanın ən qüdrətli qələm sahibi də həmin anlarda mənim keçirdiyim möhtəşəm duyğuları yazıya ala bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi sözlər sanki hər bir şuşalının, hər bir azərbaycanlının ürəyindən gəlirdi: “Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır. Bəli, biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.

Mərhəmətli ana təbiət öz əlləri ilə Cıdır düzünə yamyaşıl xalı döşəmişdi. Az deyil, “Xarıbülbül” festivalının Şuşada keçirildiyi vaxtdan indi 32 il keçib. O vaxt ömrümün orta yaşında idim, indi ixtiyar yaşlardayam. Uzun fasilədən sonra yenidən doğma Şuşaya qayıdan “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Bizə bu unudulmaz və mən deyərdim ki, inanılmaz hissləri yaşadan bu günlərin memarı, Müzəffər Ali Baş Komandan, xalqımızın xilaskar oğlu İlham Əliyevə, rəşadətli Milli Ordunun hər bir əsgər və zabitinə, bu günlərin qayıdışı üçün zəhmət çəkən, qan tökən, can fəda edən hər kəsə borcluyuq”.

Əyyub Şırlanlı əlavə edib: “Müqəddəs Ramazan bayramı ərəfəsində Şuşada yeni məscidin, orta məktəb binasının bünövrəsi qoyuldu, “Xarıbülbül” mehmanxanasının açılışı oldu, “Xan qızı Natəvan” bulağı yenidən çağladı.

Hamımızın gözləri qarşısında Şuşa yenidən dirçəlir, Şuşa yenidən cana gəlir. Azərbaycan mədəniyyəti və onun görkəmli nümayəndələrinin Şuşaya qayıdışı, musiqi festivalının dağlarda əks-səda verən çal-çağır səsi mənfur düşmənə verilən ən tutarlı cavabdır. Festivalda səslənən muğam, mahnı və təsniflər, ölkəmizdə yaşayan xalqların nümayəndələrinin ifa etdikləri musiqi nömrələri Cıdır düzündən açıq-aydın görünən Şahbulağa, “Topxana” meşəsinə, Daşaltı çayına, Qırxqız və Kirs dağlarına yayıldı. Qədim tarixi şəhərin bu növrağı, bu möhtəşəm günləri nağıla bənzər həqiqət, yuxuya bənzər gerçəklikdir. Bu gerçəkliyi, bu həqiqəti yaşamağa və bu sevinci bölüşməyə dəyər!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.