REGİONLAR


Nail İsmayılov: Əsas məqsədimiz dövlət qulluqçusu-fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır

Bakı, 3 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Ötən müddətdən qısa vaxt keçməsinə baxmayaraq yeni mərkəzin qarşısında böyük hədəflər durur. Onlardan biri də aqrar sahədə elektron sistemin tətbiqi ilə bağlıdır. Mərkəzin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılov bununla bağlı sualları cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir:

- Elektron kənd təsərrüfatı layihəsinin əsas mahiyyəti nədən ibarətdir?

- Mərkəzin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin əsas funksiyalarına aqrar sahədə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi, elektronlaşma sahəsində təhlillərin aparılması, aqrar sahədə biznes proseslərin elektron və rəqəmsal müstəviyə keçirilməsi, elektron sistemlərin yaradılması və inkişaf etdirilməsi, yeni yanaşmaların tətbiqi və təşviqi, elektron sistemlər vasitəsilə məlumatların toplanması və analizlərin aparılması, elektron xidmətlərin formalaşdırılması və təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, sahənin strateji planlaşdırılması və innovativ inkişaf etdirilməsi daxildir. Eyni zamanda, Aqrar Tədqiqatlar Mərkəzinin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin fəaliyyətinin əsas prinsipləri aqrar sahədə biznes proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırmaq, şəffaflığı təmin etmək, fermer üçün lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin ünvanlanmasını və xidmətin alınmasını təmin etməkdir.

- Bu layihəni dövlət qulluqçusu-fermer münasibətlərində yeni, elektron platforması hesab etmək olarmı?

- “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması 2015-ci ildən prioritet vəzifə olaraq nazirliyin fəaliyyətinin əsas xəttini təşkil edir. Bütün bu fəaliyyət prinsiplərimizin əsas qayəsi dövlət qulluqçusu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Bu məqsədlə Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilmiş Dövlət Aqrar İnkişaf Mərkəzləri ən müasir avadanlıqlarla təchiz olunub, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir, habelə "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin əsas komponentləri yaradılır. Məlumatların təhlili, saxlanılması və vahid verilənlər bazasının yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı fəaliyyətimizi çevik bir modelə çevirir.

- Yeni sistem innovativ yeniliklərin kənd təsərrüfatına tətbiqinə nə dərəcədə təsir göstərəcək?

- Ümumiyyətlə, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsi kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, ölkəmizdə aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir. Elektron mühitə əsaslanan idarəetmənin tətbiqi isə bütövlükdə kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.