İDMAN
Namiq Əliyev: Elçin Cəfərov təkcə Azərbaycan güləş aləmində deyil, bütün aparıcı güləş ölkələrində tanınır
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun 60 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə AGF-də qurumun rəhbəri Namiq Əliyev və federasiyanın üzvləri yubilyarla görüşüblər.
AGF-nin baş katibi Orxan Məmmədov, digər vitse-prezidentlər Firdovsi Umudov və Namiq Abdullayev, idman şöbəsinin müdiri Yaqub Məmmədov, qurumun digər rəsmiləri, eləcə də Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayevin qatıldığı tədbirdə E.Cəfərovu təbrik edən N.Əliyev deyib: “E.Cəfərov təkcə Azərbaycan güləş aləmində deyil, bütün aparıcı güləş ölkələrində tanınır. Onun keçdiyi yolu, idmanda çəkdiyi əziyyətləri heç kim unutmayıb. Yubilyar haqqında çox danışmaq olar. İlk tanışlığımızdan 30 ilə yaxın vaxt keçir. Yunan-Roma güləşinin inkişafında onun böyük xidmətləri var. Artıq federasiyada bir ağsaqqal kimi onun tövsiyələrinə diqqət yetirilir və ona çox ehtiyacımız var”.
Sonra MOK rəsmisi H.Rzayev çıxış edib və E.Cəfərovun məşqçilik karyerasına nəzər salıb, qazandığı uğurları xatırladıb.
Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən yubilyar isə öz növbəsində güləşçilərimizə uğurlar arzulayıb və bu yolda əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, E.Cəfərov 2002-2010-cu illərdə yunan-Roma güləşi üzrə yığmamıza baş məşqçilik edib. Məhz onun rəhbərliyi altında güləşin bu növündə ilk Olimpiya qızılımız (“Afina 2004”, Fərid Mansurov) qazanılıb. “Pekin 2008”də isə Rövşən Bayramov və Vitali Rəhimov gümüş medalı boynundan asıb. Mütəxəssis 2010-cu ildən AGF-də vitse-prezident vəzifəsində çalışır. 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunan E.Cəfərov 4 il sonra Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adını alıb.