İDMAN


Namiq Əliyev: Komandamızın Avropa Gənclər Olimpiya Festivalında 15 medal qazanacağına ümid edirəm

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev yeniyetmələrdən ibarət yığmaların üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Namiq Əliyev İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərə və müvafiq milli komandaların məşqçilərinə pul mükafatları təqdim edib.

Tədbirin sonunda AGF-in rəhbəri brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

N.Əliyev güləşçilərimizin Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklərinə inandığını bildirib: “Avropa Gənclər Olimpiya Festivalında güləşçilər 18 çəki dərəcəsində mübarizə aparacaqlar. Komandamızın uğurla çıxış edib ən azı 15 medal qazanacağına ümid edirəm. Qızıl medalların sayının çox olacağına inanıram. Azərbaycan təşkilatçı ölkə kimi güləşin festivalın proqramına salınmasına nail olub. Müəyyən çəki dərəcələri ilə bağlı problem var idi. Ancaq Dünya Güləş Birliyinin (UWW) bürosunda təkidlərimiz nəticəsində güləşin hər üç növü üzrə altı çəki dərəcəsinin proqrama salınmasına qərar verildi”.

Qeyd olunub ki, bu il əsas hədəf Nur-Sultanda keçiriləcək dünya çempionatıdır: “Dünya çempionatı güləşdə ilk lisenziya verən yarışdır. Bu dəfə lisenziya qazanmaq çətin olacaq. Çünki Olimpiadada hər çəki dərəcəsində 16 güləşçi iştirak edəcək. İkinci Avropa Oyunlarında komandamız kifayət qədər uğurla çıxış etdi. Bu yarışlara əsas heyətlə qatılmamışdıq. Bununla belə, ölkəmizin əldə etdiyi beş qızıl medaldan üçü güləşçilərin payına düşdü”.

Namiq Əliyev onu da qeyd edib ki, gələn il Avropa Olimpiya təsnifat turniri Bakıda keçirilə bilər: “Avropa Olimpiya təsnifat turnirini Bakıda keçirmək istəyirik. Həmişə belə məqamlarda ermənilər hay-küy salaraq bu cür yarışların Bakıda təşkilinə mane olmaq istəyirlər. İndidən Beynəlxalq Olimpiya Komitəsinə yazırlar ki, bu yarış Bakıda keçirilsə, təzyiq altında olacağıq və s. Sentyabrın 13-də UWW-nin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada həmin yarışın təşkilatçısı məlum olacaq. Hesab edirəm ki, turnirin keçirilməsi bizə həvalə ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.