ELM VƏ TƏHSİL
Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr aparılıb
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ölkəmizdə ilk dəfə buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib. Nanopeyklər “Azərkosmos” ASC, Milli Aviasiya Akademiyası və Şamaxı Astrofizika Rəsədxanasının birgə layihəsidir.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, müzakirələrdə Moskva Dövlət Universitetinin, D.V.Skobelçin adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun və Milli Aviasiya Akademiyasının mütəxəssisləri iştirak ediblər.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qonaqlara rəhbərlik etdiyi elmi müəssisədə yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Sonra rəsədxana əməkdaşlarının teleskoplar və istifadə olunan müşahidə cihazları barədə, nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması haqqında məruzələri dinlənilib.
Məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar rəsədxananın 2 metrlik teleskopuna baxış keçiriblər.