DÜNYA
Naqasakiyə atom bombası atılmasının 72-ci ildönümü qeyd edilib
Tokio, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Naqasaki şəhərinə ABŞ silahlı qüvvələri tərəfindən atom bombası atılmasının 72-ci ildönümü qeyd edilib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, mərasimdə Yaponiyanın Baş naziri Şinzo Abe ilə yanaşı, 58 ölkənin diplomatik korpusunun nümayəndələri də iştirak ediblər.
Hər il qeyd olunan xatirə mərasimində bildirilib ki, 1945-ci ilin məhz bu günündə Naqasaki şəhərinə atılan atom bombası nəticəsində 70 min insan həlak olub. Hazırda Sülh parkında yerləşən daş sklepin üzərində faciə nəticəsində həlak olan 175 min 743 nəfərin adı qeyd edilib. Ötən il dünyasını dəyişmiş 3551 nəfərin adı da siyahıya əlavə edilib.
Mərasim iştirakçıları atom bombasının şəhərə atıldığı an, saat 11:02 dəqiqədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Bu ilin sülh bəyannaməsində Naqasaki şəhərinin meri Tomihişa Taue ötən ay BMT-nin qəbul etdiyi Nüvə Silahının Ləğvi barədə Müqaviləyə xüsusi diqqət ayırıb. Mer vurğulayıb ki, məcburi hüquqi qüvvəyə malik olan bu sənədə bütün dövlətlər, o cümlədən nüvə silahına malik olan dövlətlər də qoşulmalıdırlar.
Xatırladaq ki, həmin müqaviləni 122 dövlət və ərazi bəyənsə də, nüvə silahına malik olan və “nüvə çətirindən” asılı olan ölkələr, o cümlədən Yaponiya bu müqavilə üzrə danışıqlarda iştirak etməyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio