MƏDƏNİYYƏT
“Nar bağı” filmi “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısında yer alıb
Bakı, 11 iyul, AZƏRTAC
İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısında yer alıb.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, “Asiya Oskarı” adlanan bu nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.
“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Xatırladaq ki, filmin dünya premyerası bu yaxınlarda Çexiyanın “Karlovı Varı” Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Film Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb. İyulun 22-dən 28-dək Astanada keçiriləcək festivalda İlqar Nəcəf iştirak edəcək.