REGİONLAR
Narkomaniya bəlasına qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalıdır VİDEO
Lənkəran, 19 aprel, İ.Cəfərli, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyinin ilə birlikdə aprelin 19-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirib. Tədbirdə gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması üçün gənc nəslin maarifləndirilməsi, eyni zamanda, gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün həvəsləndirilməsidir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, Lənkəran Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev, “Qarabağ” futbol komandasının müdafiəçisi Qara Qarayev, Prezidentin Fəxri Diplomu ilə təltif olunmuş idmançı, yüngül atletika üzrə müxtəlif beynəlxalq və yerli müsabiqələrin qızıl, gümüş və bürünc mükafatçısı, 2016-cı il üzrə dünya rekordunun sahibi Nazim Babayev, məşhur idmançı-bloger Kamil Zeynallı çıxış edərək, əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə maarifləndirici görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Çıxışlarda məktəblilərə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə ətraflı məlumat verilib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən söz açıb.
Natiqlər narkomaniya bəlasına qarşı mübarizədə cəmiyyətin hər bir üzvünü fəal olmağa səsləyib, sağlam, işıqlı gələcək naminə bu işə laqeyd münasibətin yolverilməz olduğu diqqətə çatdırılıb.
Tədbir başa çatdıqdan sonra “Narkomaniyaya yox deyək” şüarı ilə qaçış marafonu keçirilib. Marafonda fərqlənən gənclər sertifikat və hədiyyə ilə mükafatlandırılıblar.