REGİONLAR
Narkomaniya bəşəriyyəti təhdid edən bəladır
Gəncə, 25 aprel, Rauf Hacıyev, AZƏRTAC
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən konfransda səsləndirilib.
Konfransdan öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib.
Konfransı açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı ildə müvafiq Fərman imzalayıb. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanıb, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi ölkəmiz üçün həllivacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulub, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılıb, institusional islahatlar həyata keçirilib. Azərbaycan bu istiqamətdə müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı Prezident İlham Əliyevin 13 fərmanı, 36 qanunu və 54 sərəncamı, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbulu ölkəmizdə bu bəlaya qarşı ciddi tədbirlərin görüldüyünü təsdiqləyir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, dövlətimizin sosial siyasətinin əsas məqsədlərindən biri də sağlam nəslin formalaşmasından ibarətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya qlobal xarakter daşıyan problemə çevrilib. Xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi bu problemin həllinə xidmət edən mühüm addımlardandır.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan qərb bölgəsində regional şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Əhmədov vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amillərdir.
Gəncə Şəhər 6 saylı Poliklinikanın Terapiya şöbəsinin müdiri Tükəzban Məmmədova, Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Xəyalə Qurbanova, universitetin ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulova və Tarix–coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Çinarə Hümbətova çıxışlarında qeyd ediblər ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi olan gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.