REGİONLAR
Narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm kimi ağır nəticələrə gedən yolun başlanğıcıdır
Gəncə, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Xarici dillər fakültəsinin tələbələri "Narkomaniyaya yox deyək!" adlı tədbir keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olmasına diqqət çəkmək olub.
Xarici dillər fakültəsinin dekan müavini Arzu Babayeva tədbirin keçirilməsinin məqsədini tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra, universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edib. O, narkotik maddələrlə mübarizə aparmağın hər bir dövlət orqanı və qurumunun vəzifəsi olduğunu bildirib. Qeyd olunub ki, sağlam düşüncəli insanlar başa düşürlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla, təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.
Sonra Xarici dillər fakültəsinin dekanı, dosent Əjdər Əsgərov müasir gəncliyimizi bu bəladan qorumağın yollarından, eyni zamanda, təhsil müəssisələrində geniş maarifləndirmə işinin aparılmasından danışıb. Qeyd edilib ki, valideynlərin düzgün həyat tərzi keçirməsi onların övladlarına örnəkdir.
Tədbirdə fakültənin fəal tələbələri Aybəniz Verdiyeva "Narkotik vasitələrin tarixi", Sevda İsmayılova "Narkotik vasitələrin növləri", Aysu Muxtarova "Narkotikin fəsadları", Dilarə Cəlilova "Qanunvericilikdə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi haqqında" mövzularında çıxışlar ediblər.
Sonda tələbələrin hazırladıqları videoçarx nümayiş olunub.