REGİONLAR
Narkomaniya ilə mübarizə cəmiyyətin əsas vəzifələrindəndir
Qusar, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasında aidiyyəti qurumlar narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparır. Narkomaniya ilə mübarizə cəmiyyətin əsas vəzifələrindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) Qusar rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar Uşaq İncəsənət Məktəbində “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizədə sosial fəallıq” mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib.
YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova bildirib ki, Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının” icrasına uyğun olaraq respublikamızda təhsil, mədəniyyət müəssisələrində vaxtaşırı bu xarakterli tədbirlər keçirilir. Məqsəd gəncliyimizin sağlam və mənəvi cəhətdən saf, vətənpərvər böyüməsidir.
Qusar rayonu üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Telman Kazımov rayonda narkomaniyaya qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma riskini nəzərə alaraq ölkəmizdə müvafiq proqramlar qəbul edilməkdədir. Bu, sağlam gələcəyimiz üçün xüsusi önəm daşıyır.
Qusar Rayon Polis Şöbəsinin bölmə rəisi Cavad Kazımov, Qusar rayon Mərkəzi Xəstəxanasının həkim terapevti Səbinə Aşurova, Qusar RİHB-nin aparatının aparıcı məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə psixoloqu Kamran Sədullayev çıxışlarında bildiriblər ki, dövlətimiz tərəfindən aparılan bu mübarizə kampaniyasında cəmiyyət də öz mövqeyini layiqli şəkildə bildirməlidir. Bu sahədə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan vəziyyət, görülmüş profilaktik işlər, narkomaniyanın sağlamlığa əqli və fiziki cəhətdən vurduğu ziyanlardan, təhsil müəssisələrində valideyn müəllim birliyinin vacibliyi barədə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarına Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Sönmüş talelər” tamaşasından narkoman gəncin faciəsini əks etdirən səhnə nümayiş olunub, maarifləndirici broşürlər paylanılıb.