CƏMİYYƏT


Narkomaniya ilə mübarizədə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər planı çərçivəsində iyul ayının 6-da Rəşid Behbudov adına Mahnı Teatrında dövlət qurumlarının, incəsənət nümayəndələrinin, partiya fəallarının iştirakı ilə “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və digərləri tədbirdə çıxış edərək, narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial problem olduğunu vurğulayıblar. Qeyd olunub ki, ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək, bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulub, zəruri qanunvericilik bazası yaradılıb və institusional islahatlar həyata keçirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır. Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar. Bu da müsbət nəticələrini göstərməkdədir.

YAP Mərkəzi Aparatı, Səbail rayon təşkilatı və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir incəsənət nümayəndələrinin və “Cəngi” estrada folklor ansamblının təqdimatında konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.