REGİONLAR


Narkomaniya insanların sağlamlığına zərbə vurmaqla yanaşı, cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara da səbəb olur

Sumqayıt, 30 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.

AZƏRTAC xəbər verir ki, noyabrın 30-da Sumqayıt Dövlət Universitetində (SDU) Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “İştirak et və öz İİV statusunu öyrən” devizi altında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Respublika Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallar şöbəsinin müdiri Elşən Səlimzadə, icraçı katibin müavini, gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

Universitetin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru, dosent Qafar Atayev tədbiri açaraq, QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu bildirib. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdıran prorektor deyib ki, universitetdə bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir.

Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını bildirib.

Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova, QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri İlhamə Quliyeva və Ceyhun Nəcəfov çıxış edərək gənclərə İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. QİÇS xəstəliyi əsasən narkomaniya xəstəliyinə düçar olanlarda daha çox təsadüf edilir. Narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara da səbəb olur.

Mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonra Mərkəzin mütəxəssisləri könüllü olaraq tələbə və universitetin əməkdaşlarını İİV-ə qarşı test müayinəsindən keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.