REGİONLAR


Narkomaniya mənəvi və əxlaqi dəyərlərə zərbə vuran bəşəri bəladır

Ağsu, 16 noyabr, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər noyabrın 15-də Ağsuda rayon icra hakimiyyətinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda konfransda səsləndirilib. Rayon icra hakimiyyətinin akt zalında təşkil olunan konfransda öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı film nümayiş etdirilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Rasim Novruzov konfransı açaraq vurğulayıb ki, bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində gedən əsaslı beynəlxalq mübarizəyə qoşulub, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılıb, institusional islahatlar həyata keçirilib, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. 36 qanunun, 13 Fərman və 53 Sərəncamın qəbulu ölkəmizdə məhz bu bəlaya qarşı görülən işlərin ciddiliyinin nəticəsidir.

R.Novruzov rayonda narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Qeyd edib ki, yeniyetmə və gənclərin narkomaniya və onun doğurduğu fəsadlar, narkomanlığın və digər zərərli vərdişlərin dövlətə, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyan barədə maarifləndirilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə seminarlar və “dəyirmi masa”lar keçirilib, yeniyetmə və gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı bilik yarışları, musiqili-əyləncəli tədbirlər, idman yarışları təşkil edilib. Habelə, tam orta məktəblərdə narkomaniya və onun acı fəsadları ilə əlaqədar müxtəlif mövzularda tədbirlər keçirilib. Natiq vurğulayıb ki, rayon mərkəzi xəstəxanasının verdiyi məlumata əsasən il ərzində Ağsuda dispanser qeydiyyatında olmaqla 122 nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 cinayət faktı aşkar edilib, həmin faktlar üzrə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Konfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev cari ilin doqquz ayında narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 faktın aşkar edildiyini, 2 ton 179 kiloqram 111, 716 qram müxtəlif növ narkotik vasitələrin, o cümlədən 10140 ədəd çətənə kolunun müsadirə olunduğunu diqqətə çatdırıb. Cinayət məsuliyyətinə 1841 nəfərin cəlb edildiyini vurğulayan natiq onlardan 48 nəfərin xarici ölkə vətəndaşı olduğunu bildirib.

Tədbirdə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, polis polkovnik-leytenantı Şahin Süleymanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə və başqaları çıxışlarında xüsusilə yeniyetmələrin və gənc nəslin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər və narkomaniya ilə bağlı respublikamızda və rayondakı vəziyyət barədə ətraflı danışıblar. Çıxışlarda, habelə gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb, yeniyetmələr ayıq, zərərli vərdişlərə aludə olmamaq üçün diqqətli olmağa çağırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.