MƏDƏNİYYƏT


Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan edilib

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsi keçirilib. Tələbələr arasında keçirilən müsabiqədə ssenarilər 2021-ci il dekabrın 1-dən 30-dək qəbul olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim edilən videoçarx ssenariləri əsasında münsiflər heyəti aşağıda adları qeyd olunan layihələri qalib olaraq seçib.

Münsiflərin qərarı ilə birinci yerə Murad Şükürlünün “Kilid ekranı”, 2-ci yerə Çinarə Əlişlinin “Həyat ağacı”, üçüncü yerə isə Ziyafət Kazımovun “Bir qrossmeysterin hekayəti” layihəsi layiq görülüb.

Qaliblər müvafiq olaraq 1500, 1000 və 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaqlar. Qaliblərin mükafatlandırılması mərasiminin fevral ayının ikinci yarısında, ali təhsil qurumlarında ikinci semestr başladıqdan sonra keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino və televiziya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev, üzvləri isə ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq Əli Əmirli, sənətşünas, kino və televiziya redaktoru Nadir Bədəlovdur.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə isə qəbul yanvarın 31-ə qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.