CƏMİYYƏT


Narkomaniya ümumbəşəri bəladır

Bakı, 15 mart, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası, Baş İctimai Təhlükəsizlik, Bakı Şəhər Baş Polis və Nərimanov Rayon Polis idarələrinin birgə təşkilatçılığı ilə Nərimanov rayonundakı 207 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Gənclər narkomaniyaya yox deyir” mövzularında maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şagirdlərlə görüşdə DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam və qanunlar cinayətkarlıqla qətiyyətli mübarizənin əsasını qoyub. Bu gün cinayətkarlıqla mübarizə dövlətimizin başçısı tərəfindən prioritet istiqamət kimi diqqətdə saxlanılır. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı məhz mövcud sabitlik, əmin-amanlıq, yüksək ictimai təhlükəsizlik şəraitində mümkün olub. Təhsil müəssisələrində narkomaniya əleyhinə keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdıran A.Adıgözəlov uşaq hüquqlarının müdafiəsi, onların hüquqazidd əməl və cinayətlərdən qorunması sahəsində görülən işlərdən danışıb.

Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov daxili işlər orqanları əməkdaşlarının narkomaniyaya qarşı apardıqları qətiyyətli mübarizə və profilaktiki tədbirlər barədə ətraflı məlumat verib. O bildirib ki, ölkəmizin bütün bölgələrində yeni idman kompleksləri, sağlamlıq meydançaları tikilib istifadəyə verilib. Şagirdlər ölkəmizdə gənclərə diqqət və qayğıdan bəhrələnməli, sağlamlıqlarının qayğısına qalmalıdırlar.

Polis Akademiyasının müəllimləri - polis polkovnik-leytenantı Vüqar Mansurov, polis leytenantları Ata Vəliyev və Təbəssüm Hümbətli “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar edərək törədilən hüquqpozmaların fəsadları barədə ətraflı məlumat verib, analoji maarifləndirici tədbirlərin Polis Akademiyasında da mütəmadi olaraq təşkil edildiyini diqqətə çatdırıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər məlumatsızlıqdan, iradələrinin zəifliyindən bu yola düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.

Təhsil müəssisələrində polisin keçirdiyi belə maarifləndirici görüşlərin, profilaktik söhbətlərin əhəmiyyətindən danışan məktəb direktoru Sədaqət Seyidova isə şagirdlərin qanun keşikçilərindən zərərli vərdişlər və narkomaniya haqqında məlumat almalarının ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini deyib və DİN rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə uşaqlar tərəfindən törədilən hüquq pozuntularının səbəbləri və profilaktikası, internetdən təhlükəsiz istifadə, narkomaniyanın sosial bəla kimi genişlənməsi mövzularında məruzələr maraqla dinlənilib.

Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.