CƏMİYYƏT
Narkomaniyanın və dini radikalizmin fəsadlarına dair maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 11 may, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına 3 saylı məktəb-liseydə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev tədbirdə çıxış edərək insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, ən böyük bəlalardan sayılan narkomaniyanın fəsadlarından danışıb. Gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib, yeniyetmə və gənclər narkomaniyaya yox deməyə çağırılıb. Qeyd olunub ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər arasında narkomaniya ön sıralarda dayanır. Bu bəla təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilə bilər.
Dini radikalizm mövzusuna toxunan Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib.
Təhsil müəssisəsinin direktoru Vidadi Süleymanov erkən nikahın fəsadlarından bəhs edib. Bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.