CƏMİYYƏT
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
İctimai Nəzarət Mərkəzinin təşəbbüsü ilə “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib.
Milli QHT Forumundan (MQF) AZƏRTAC-a bildiriblər ki, müzakirədə bir sıra dövlət qurumlarının, Bakı və regional QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.
MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə məlumat verib, dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin əhəmiyyətini vurğulayıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun sədr müavini Tanrıverdi Aydınov çıxış edərək ölkəmizdə narkomaniya ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Qeyd edib ki, narkomaniya bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biridir. O, narkomanlığa qarşı mübarizədə bu cür müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib.
Sonra çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi polis polkovniki Ədalət Vəliyev narkomaniya ilə mübarizə istiqamətində Nazirliyin, o cümlədən Baş Narkotiklərlə Mübarizə İdarəsinin gördüyü tədbirlər barədə məlumat verib.
Digər çıxış edənlər mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.
Sonda Rauf Zeyni vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi üçün belə tədbirlərin davamlı olaraq keçiriləcəyini qeyd edib.