REGİONLAR


Narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalıdır

Yevlax, 20 may, AZƏRTAC

Narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə böyük fəsadlar vurur. Bu bəlaya qarşı mübarizədə dövlət qurumları, ictimaiyyət nümayəndələri, pedaqoji işçilər, valideynlər, eləcə də cəmiyyətin hər bir üzvü fəal rol oynamalıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə birgə keçirilən “Narkomaniyaya yox!” mövzusunda tədbirdə səslənib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası Vidadi Murtuzayev çıxış edərək, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu bildirib. Həmçinin ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Vasif Quliyev çıxış edərək, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qanunvericilik əsaslarından, dövriyyəsi qadağan olunmuş yeni növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarına qarşı mübarizə məsələlərindən danışıb.

Rayon Polis Şöbəsinin rəis müavini Şahlar Cəfərov, Rayon Prokurorunun müavini Emil Qurbanov, Mingəçevir Narkoloji Dispanserinin həkim-narkoloqu Eldar Mustafayev narkomaniyaya qarşı dövlət tərəfindən aparılan mübarizədən bəhs ediblər. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə, həmçinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.