REGİONLAR
Narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaş fəal mövqe nümayiş etdirməlidir
Quba, 2 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba məktəbliləri narkotiklərin, radikal dini təriqətlərin və erkən nikahların fəsadları barədə maarifləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Qubadakı Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə rayon icra hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji heyəti və 100-dən çox yuxarı sinif şagirdi iştirak edib.
Tədbir iştirakçıları “Narkotiklər haqqında nə bilirik”, “Narkotik, yoxsa həyat”, “Radikal və separatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar, onun fəsadları və qarşısının alınması yolları” mövzularında məruzələr dinləyiblər.
Quba RPŞ-nin rəisi Süleyman Neymətov çıxış edərək əsrin bəlasına çevrilən narkomaniyanın yaratdığı sosial problemlərdən, insan səhhətinə vurduğu zərərlərdən, dini radikalizm və erkən nikaha daxilolmalar və onların fəsadları haqqında danışıb. Bildirilib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən dövlətçilik ənənələrimizin daha da güclənməsi nəticəsində ölkəmiz bu gün dünya birliyində öz layiqli yerini tutaraq, regionda sülhə, sabitliyə öz dəyərli töhfəsini verməkdədir. Əldə olunmuş uğurları daha da inkişaf etdirməyin, ölkəmizin mənafelərinin bundan sonra da layiqincə qorunmasının sağlam, vətənpərvər gənclərdən asılı olduğunu bildirən S.Neymətov şagirdlərə pis vərdişlərdən, əsasən də əsrin bəlası olan narkotik maddələrdən uzaq durmalarını tövsiyə edib.
Görüşdə qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə hər bir vətəndaş fəal mövqe sərgiləməlidir. Erkən nikahın ölkəmizdə qanunla qadağan olunduğu və bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Həmçinin erkən nikahın əksəriyyətinin gələcəkdə boşanmalarla bitdiyini bildirən natiqlər gənclərə bütün diqqətlərini təhsilə yönəltmələrini və gələcəyin savadlı mütəxəssisləri, layiqli vətəndaş olmağı tövsiyə ediblər.
Quba RPŞ-nin rəis müavinləri Bəhruz Bədəlov və Kənan Məmmədov daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə geniş məlumat veriblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə film nümayiş etdirilib.