CƏMİYYƏT
Narkomaniyaya yox deyək
Bakı, 22 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev bildirib ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir. Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi mənfi hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb.