REGİONLAR
Narkomanların 99 faizi əvvəllər siqaret istifadəçisi olanlardır
Gəncə, 12 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Gənclər Evində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı maarifləndirici tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov narkomaniyanın bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu bildirib, bu istiqamətdə dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar, sərəncamlar, qanunlar və Dövlət proqramları barədə gənclərə məlumat verib. O, yeniyetmə və gənclərin maarifləndirilməsinin vacib məsələlərdən biri olduğunu və bu istiqamətdə Baş İdarə tərəfindən mütəmadi tədbirlərin həyata keçirildiyini qeyd edib.
Daha sonra çıxış edən Gəncə Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov narkomaniyanın bu gün bəşəriyyətin ən böyük bəlası olduğunu və bütün ölkələrin bu bəlaya qarşı mübarizə apardığını vurğulayıb.
O, gənclərə narkotik vasitələrin törətdiyi fəsadlar haqqında danışaraq, narkotik maddələrin insanın yaddaş və təfəkkürünü pozduğunu, həyata qarşı laqeydlik yaratdığını, insanların qaraciyər, böyrək, ürək xəstəliklərinə tutulma risklərini artırdığını diqqətə çatdırıb, HİV infeksiyasına yoluxmanın daha çox narkotik istifadəçiləri arasında geniş yayıldığını bildirib.
Siqaretin zərərlərini xüsusi olaraq vurğulayan həkim, narkotik vasitələrdən istifadə edənlərin 99 faizinin əvvəllər siqaret istifadəçiləri olduğunu deyib.
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşı Comərd Rzayev çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. O, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.
Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanıb, bu tipli maarifləndirici tədbirlərin davamlı həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və geniş diskussiya aparılıb.