REGİONLAR
Narkomanlığa və digər zərərli vərdişlərə düçar olanların ailələrində məişət zorakılığı hallarına daha çox rast gəlinir
Ağcabədi, 30 oktyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi, UNICEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdikləri "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Ağcabədidə "Məişət zorakılığı və narkomaniya" adlı tədbir keçirilib. Mərkəzin Qarabağ regional ofisinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşlığı ilə təşkil olunan tədbirdə təhsil və səhiyyə işçiləri, məktəb psixoloqları, uşaq birliklərinin rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı təqdimatla çıxış edərək, layihə haqqında ətraflı məlumat verib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Vüsalə Məmmədova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Raqif Allahverdiyev, polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşı Mehman Novruzov və başqaları mövzu ətrafında çıxışlar edərək, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial inkişafa mənfi təsir göstərən, həyat və sağlamlığa ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından biri sayılan narkomaniyadan danışıb, sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildiriblər.
Qeyd olunub ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olanların ailələrində məişət zorakılığı hallarına daha çox rast gəlinir. Həmin mənfi hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə cəmiyyətimiz üçün ciddi problemlər yaradır. Ona görə də yeniyetmə və gəncləri zərərli vərdişlərə aludə olmaqdan çəkindirmək, onları sağlam ruhda tərbiyə etmək üçün hər kəs əlindən gələni əsirgəməməlidir.
Tədbir iştirakçılarına narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən olunmasına kömək göstərilməsi məqsədilə hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanıb.
Layihə çərçivəsində oktyabrın 25-26-da Ağcabədi Pedaqoji Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək”, "Zərərli vərdişlərə təhrik olunmanın psixologiyası" və “ Narkotiklər və psixotrop vasitələrin istifadəsi nəticəsində yaranan ailə münaqişələri və ailələrlə aparılan sosial iş" mövzularında ikigünlük təlim-məşğələ də keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.