CƏMİYYƏT
Narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə tədbirlərinin əhatə dairəsi genişləndirilir
Bakı, 29 iyun, AZƏRTAC
Mobil rabitə operatorları narkomanlığın fəsadları ilə bağlı əhalinin məlumatlandırılması üçün abunəçilərə SMS bildiriş göndərməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib.
Məlumatda qeyd edilir ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun göstərişinə əsasən, ictimai maarifləndirmə tədbirləri çərçivəsində narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə Dövlət Komissiyasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı şəraitində müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə SMS-bildirişlərin abunəçilərə göndərilməsinə başlanılıb.
“Ən doğru seçim - narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61” mövzusunda bildirişlər ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən iyunun 26-dan etibarən mərhələli şəkildə abunəçilərə göndərilir.