CƏMİYYƏT
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda Pirallahı rayonunda treninq keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planının müvafiq bəndinin icrası məqsədilə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat verib.
Sonra müəllimləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.
Treninqdə iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar, zəruri təbliğat materialları, eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça verilib.