CƏMİYYƏT
Narkotik vasitə satmaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitə ilə tutulmuş N.Əhmədovan ilə bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ona narkotik maddəni satmaqda şübhəli bilinən Yeni Günəşli qəsəbəsində yaşayan X.Mustafayeva saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 8 qramdan çox, yaşadığı mənzildən isə 9 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə X.Mustafayevaya narkotik vasitələri satmaqda şübhəli bilinən A.Sadıqov da müəyyənləşdirilərək yaxalanıb. Axtarış zamanı ondan 470 qramdan çox marixuana, yaşadığı mənzildən isə 24 qramdan artıq tiryək aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.