CƏMİYYƏT
Narkotik vasitə və psixotrop maddə aşkar edilib
Bakı, 6 aprel, AZƏRTAC
Gömrük baxışı zamanı narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı özünü şübhəli və narahat apardığına görə saxlanılıb və şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib. Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın əynində olan şalvarın cibindən çıxartdığı portmanatın içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan paketdə 0.5 qram ağ, kristal formada psixotrop maddə - metamfetamin, şalvarın kəmər hissəsindəki etiketin altında isə 1 ədəd sellofan bükümdə üzərində F/M40 nişanəsi olan 5 ədəd "metadon" adlı dərman preparatları aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.