CƏMİYYƏT
Narkotik vasitə və psixotrop maddələr aşkarlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama nəticəsində, xanım vətəndaşın alt paltarında gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr və psixotrop maddə aşkarlanıb.
Aşkar edilən narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 619,1 qram heroin və 1 bükümdə 10 ədəd metadon adlı həb, psixotrop maddə isə 1 bükümdə xalis çəkisi 41,794 qram metamfetamindən ibarət olub.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.