CƏMİYYƏT
Narkotik vasitələri satmaqda şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həbibov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov da saxlanılıb. Ondan da heroin aşkarlanıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonunda keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum edilən F.Hüseynov yaxalanıb. O, saxlanılan zaman üzərində narkotik vasitə olan heroin götürülüb.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov tutulub. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.İsakov da müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.