CƏMİYYƏT
Narkotik vasitələri satmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş T.Tarverdiyev saxlanılıb. Ondan 202 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini İ.Məhərrəmov Binəqədi rayonu ərazisində saxlanılıb.
İ.Məhərrəmova narkotik vasitəni satmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilib. Görülmüş tədbirlərlə S.Ordıyev isə Nərimanov rayonu ərazisində saxlanılıb. Ondan 301 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.