CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 25 kiloqramdan çox heroin və marixuana aşkarlanıb VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat zamanı əvvəlcə paytaxt sakini Namiq Həsənov saxlanılıb. Onun üzərində, eləcə də evində ümumilikdə 25 kiloqram 151 qram heroin və marixuana aşkarlanıb. Namiq Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Həyata keçirilmiş digər əməliyyat zamanı Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə, Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar.
Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların hər biri barəsində polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb. Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları əməliyyatları davam etdirirlər.