CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə qətiyyətlə davam etdirilir
Bakı, 30 iyul, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin daxili işlər orqanları tərəfindən aşkarlanması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 28-29-da polis əməkdaşlarının, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 17 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan çox heroin, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 513 ədəd narkotik tərkibli bitkilər aşkarlanaraq götürülüb, çəkisi 6 tondan artıq olan 8 min ədəd çətənə kolu məhv edilib.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Şahlar Qasımovdan 1 kiloqramdan çox heroin götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkarlanıb.
Balakən Rayon Polis Şöbəsi, DİN Daxili Qoşunlar Baş İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət qoruğunun Balakən rayonunun Gərəkli kəndində kultivasiya yolu ilə yetişdirilmiş 500 ədəd çətənə kolu və çəkisi 15 kiloqram 665 qram olan marixuana aşkarlanaraq götürülüb. Meşəşambul kəndində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq 3254 ədəd çətənə kolu məhv edilib.
Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Kəpənəkçi, Uzunqamalar və Yuxarı Tala kəndlərində yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 4900 ədəd çətənə kolu aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.