CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri davam etdirilir
Bakı, 15 avqust, AZƏRTAC
Respublika daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, həmçinin yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Məhəmmədovdan 19,922 qram heroin və 490 qram marixuana götürülüb.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Elçin Yusubovdan 7 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkarlanıb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Qəbələ-Müşkürlü kənd sakini Firdovsi Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu, yaşadığı evdən isə 452 qram marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.