CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 18 iyun, AZƏRTAC
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əhədov Qorağan kəndi ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun əlindəki sellofan torbadan 1 kiloqram heroin və 500 qram metamfetamin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə həmin narkotik vasitəni V.Əhədova satan şəxs də polis əməkdaşları tərəfindən müəyyən olunub. Qax Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni ona satmaqda şübhəli bilinən H.Məmmədov Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı 12 qrama yaxın heroin və 168 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.