CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər saxlanılıb
Bakı, 1 avqust, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər saxlanılıb. Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb.
Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha altı nəfər saxlanılıb. Onlardan ümumilikdə 250 qramdan çox heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Həmin şəxslərdən dördü barəsində məhkəmə tərəfindən həbs, üçü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.