CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 11-də Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli “Mercedes-Benz” markalı 10-UL-622 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Avtomobilin sərnişininin Astara rayon sakini 1992-ci il təvəllüdlü Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilib, ona məxsus bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülüb.
Oktyabrın 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda bir ədəd bağlama aşkar edilib. Bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 550 qram tiryəkə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.