Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə multisektoral əməkdaşlığın rolu” mövzusunda qurumlararası dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov dəyirmi masada çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamını xatırladıb, ölkəmizdə bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, həmin Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi müasir rentgen qurğuları və digər lazımi avadanlıqlarla təchiz olunub. Ölkəyə gətirilən və tranzit olaraq ərazimizdən keçən yük və digər avtomobillər ciddi yoxlanılır. Buna baxmayaraq, gömrük əməkdaşları 2022-ci ildə 1 tona yaxın narkotik vasitənin qanunsuz yollarla ölkəyə daxil olmasının qarşısını alıblar. Gömrük orqanları bu istiqamətdə fəaliyyəti davam etdirirlər.
Dəyirmi masada Dövlət Gömrük Komitəsinin tibb xidməti idarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsinin rəis müavini Zakir Həsənov və başqaları çıxış edərək həyata keçirilən tədbirlərdən və nəzərdə tutulan işlərdən danışıblar.
Qeyd olunub ki, bəşəri bəla olan narkomaniya cəmiyyətə, xüsusilə gənclərin inkişafına mənfi təsir göstərir. Bu sosial bəlanın yayılmaması üçün müvafiq dövlət qurumları daim əlaqəli şəkildə fəaliyyət göstərməlidir.
Çıxışlardan sonra dəyirmi masa iştirakçıları səmərəli iş planının qurulması istiqamətində müzakirələr aparıblar.









Xəbərin mətnində orfoqrafik səhv var