CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində KİV-lər tərəfindən görülən işlər müzakirə edilib

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə cari ilin yanvar-aprel aylarında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək diqqətə çatdırıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti ciddi şəkildə artıb, institusional sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu problemlə mübarizənin gücləndirilməsi, cəza tədbirlərinin səmərəliliyinin artırılması, eyni zamanda, narkomanlığın erkən müəyyənləşdirilməsi və profilaktikası məqsədilə icbari narkoloji müayinələrin keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib, dövlətin, vətəndaş cəmiyyəti təşkilatlarının və kütləvi informasiya vasitələrinin səylərinin birləşdirilməsi istiqamətində aparılan işlərin səmərəliliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülüb.

Bununla yanaşı, Komissiyanın sədri ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində 3961 cinayət faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 829 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 2353 nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 36-sının xarici ölkə vətəndaşı olması, ümumilikdə hesabat dövründə müsadirə olunan narkotik vasitələrin dəyərinin 78 milyon manat qiymətləndirilməsi barədə məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların artmasından narahatlıq ifadə edilib. Bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın sistemli şəkildə müasir informasiya texnologiyalarının, televiziya kanallarının və sosial şəbəkələrin imkanlarından istifadə edilərək müvafiq işlərin görülməsinin vacibliyi vurğulanıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov cari ilin yanvar-aprel aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat verib. Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, “Real” Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, “Xəzər TV” MMC-nin baş direktoru Murad Dadaşov, “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nin rəhbəri Azər Xəlilov, “Space” Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu təşəbbüsləri dəstəkləyərək, narkomanlığa qarşı mübarizənin maarifləndirmə yolu ilə də aparılmasının əhəmiyyətini nəzərə alaraq kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının zəruriliyi barədə çıxış ediblər.

Görüşün yekununda tanınmış ictimai, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirin təşkili, narkomanlığın yayılma dərəcəsinin və miqyasının dəqiqləşdirilməsi məqsədilə sosial araşdırmaların aparılması, effektiv və təsirli yeni sosial çarxların hazırlanaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına, ailə dəyərlərinə zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin keçirilməsinin davam etdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib və qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.