CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə “Qaynar xətt” rabitə əlaqəsi yaradılıb
Bakı, 12 avqust, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Qaynar xətt”i fəaliyyətə başlayıb.
Komissiyanın İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, “Qaynar xətt” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “Qaynar xətt” - rabitə əlaqəsi aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək üçün yaradılıb.
“Qaynar xətt” xidməti üçün 802 telefon nömrəsi ayrılıb. 802 xidmətinə daxil olan müraciətlərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.