CƏMİYYƏT
Narkotik vasitələrin satışı ilə məşğul olanQobu qəsəbə sakinləri tutulublar VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qobu qəsəbə sakini Muxtar Qəribov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 11 qram tiryək, yaşadığı mənzildən isə 45 qram tiryək, 244 qram həşiş qətranı, 254 qram marixuana və 1 qram heroin aşkarlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı isə Abşeron rayonunun Qobu qəsəbə sakini Əlihüseyn Hüseynov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 6 qram heroin aşkar edilib. Əməliyyatın davamı olaraq Əlihüseyn Hüseynovun yaşadığı mənzildən əlavə olaraq 1 kiloqram heroin, 680 qram metamfetamin və 280 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Sonuncu əməliyyatlar nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxslərin hər biri adı hələlik istintaqa məlum olmayan şəxsin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edib və satışını təşkil etmək istəyiblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslər tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.