CƏMİYYƏT
Narkotik vasitələrlə mübarizə ilə bağlı layihə yekunlaşıb
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilən “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” adlı layihəyə yekun vurulub.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə məlumat verən İctimai Birliyin sədri və layihə rəhbəri Vidadi Fətullayev, Bakı şəhəri, Abşeron və Siyəzən rayonlarında 600 nəfərdən çox iştirakçının qatıldığı 6 tədbir həyata keçirdiklərini qeyd edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK), Daxili İşlər Nazirliyi, Bakı Narkoloji Dispanseri, Yerli İcra Hakimiyyəti orqanları və rayon təhsil şöbələrinin dəstəyi ilə keçirilən və adıçəkilən qurumların nümayəndələrinin qatıldığı tədbirlərdə, iştirakçılar narkomaniyaya qarşı Azərbaycan dövlətinin apardığı mübarizə, görülən profilaktik tədbirlər, qanunvericilikdəki yeni dəyişikliklər, narkotik vasitələrin tərkibi, onların insan sağlamlığına və cəmiyyətə vurduğu ziyanlar, bu hallarla qarşılaşdıqlarında atacaqları addımlar və narkomaniyaya qarşı cəmiyyət içərisində maarifləndirmə işlərinin necə aparılması barədə ətraflı məlumatlandırılıblar.
Siyəzən rayonunda keçirilən tədbirdə Milli Məclisin deputatı, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov da iştirak edib. Cəmiyyətə ziyan verən narkomanlıqla mübarizənin dövlətimizin başçısının daim nəzarətində olması, həmçinin vətəndaşların hüquqlarının və sağlamlığının qorunması yolunda atılan addımlar, qanunvericiliyə edilən yeni dəyişikliklər barədə geniş məlumat verib.
Tədbirlərdə iştirakçılara mövzu ilə bağlı bukletlər və təlim çap materialları paylanılıb, təqdimatlar vasitəsilə məlumatlar çatdırılıb. Pandemiya dövründə kütləvi tədbirlərin keçirilmədiyi nəzərə alınarsa, son 2 ilə yaxın müddətdə maarifləndirmə işləri də xeyli azaldığından, tədbir iştirakçıları həm pedaqoji heyət, həm də tələbə və şagirdlər arasında narkotik vasitələrin növləri, onların qanunsuz dövriyyəsi və zərərləri barədə məlumatlar verilən tədbirlərin artırılmasının vacibliyini qeyd ediblər.
Tədbirlərə ölkəmizdə təhsil alan əcnəbi tələbələrdə qatılıblar və onlar üçün də narkotiklərə və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərində iştirak etmək faydalı olub.
Keçirilən mövzunun aktuallığı və cəmiyyət üçün vacibliyi nəzərə alınaraq təşkilat tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə, təhsil ocaqlarında şagird və tələbələr arasında maarifləndirmə tədbirləri davamlı həyata keçiriləcək.