REGİONLAR
Narkotikə görə saxlanılan Qusar sakinindən beşbarmaq və bıçaq aşkarlanıb VİDEO
Qusar, 19 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Samir Ələskərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin istifadəsində şübhəli bilinən rayon sakini Ruhid Babayev saxlanılıb.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Samir Ələskərovun barəsində həbs qətimkan tədbiri seçilib. R.Babayev isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.