CƏMİYYƏT
Narkotiklə mübarizədə maarifləndirmə işlərinin daha da gücləndirilməsi vacibdir
Bakı, 7 dekabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Ağstafa rayonunda dəyirmi masa təşkil olunub.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müvafiq dövrdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilib, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə əlaqələndirmə işlərinin təşkili istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr və kömək göstərilib.
Eyni zamanda Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları, həmçinin elektron daşıyıcılarda təbliğat materialları təqdim olunub.